İlk addım

Maaşını dəmir qutudan alsa da, "sağ ol" deyib, pulu çantasındakı pulqabına yerləşdirib, yoluna davam etdi. İçinə dolan sevincin səbəbini anlamasa da, addımlarındakı rahatlıq, xoş havanın ciyərlərinə dolan yüngüllüyündən üzünə təbəssüm qonmuşdu. Arada dayanıb, başından sürüşən ağ ipək yaylığını düzəldib, paltosunun yaxasını bir daha çəkib, sığallayıb, yoluna davam etdiyi vaxt qulağına gələn tanış səs onu saxladı. Dayansa da, geri dönə bilmədi, üzü dəyişdi, sanki bir anın içində illərin üstündən quş kimi uçub, təngnəfəs yerə endi.