Blanşar küçəsində sirli qətl

Taxta qıçından canlı şam ağacıtək sarımtıl və bulanıq qatran süzülən Joaken Bonom içəri keçib, arxasınca qapını çəkdi. – Bir şey tapdın? – Yox. Şüşə gözündən həmişəki kimi sarımtıl və bulanıq maye süzülən arvadı Mençu Agirresabala əməlli-başlı hirsləndi. Arvadın gözünü doğmaca qardaşı Fermin hələ Bordoda ispan pandemiyası günlərində vurub çıxarmışdı. Qış mövsümləri Tuluzanı büsbütün qaramat basır. Hava tez qaraldığından qaz fənərləri elə axşamdanca yandırılır; uzaqlardan adamın qulağına atılmış uşaqların zığıltısını andıran şarmanka səsləri gəlir; kafelərin pəncərəsinə qırçınlı pərdələr çəkilir; fədakar qadınlarsa artıq heç nəyə yaramayan köhnə-kürüş məişət əşya­larını toplamaqçün dəridən-qabıqdan çıxırlar. Bir daha xatırladaq ki, Tuluza çox kədərli, çox cansıxıcı yerdi; belə yerlərdə isə, aydın məsələdir ki, adamın fikri də dağınıq olur – bir də gördün basıb əzdilər.