İncə dərəsində yaz çağı

Reanimasiya briqadasının rəhbəri həyətdə, kölgəlikdə oturub dəsmalı ilə tərini silirdi. Kişi bərk tərləmişdi, elə bil hamamdan çıxmışdı: həm pörtmüşdü, həm təngnəfəs olmuşdu. «Gör nələr çəkirlər, fağırlar. Balaca işdimi, ölü dirildəsən?» Sayalı arvad həyətin xəlvət yerində, taxta köşkə oxşayan tikilinin yanında dayanıb, kölgəlikdə stul üstə oturmuş kök həkimin dəsmal ilə üzünü yellədiyinə tamaşa edirdi, özü də açıq-aşkar sezilən bir təlaşla: çünki doğrudan balaca şey deyildi, kənd feldşeri Sayalı arvada demişdi ki, Salahovun maşında dərəyə aşmış baldızını «diriltməyə» gələn bu eynəkli, sifəti sac boyda, buxağı xəmirsayağı ikiqat sallanıb qıpqırmızı qızarmış kişi Bakıda bütün ölü dirildənlərin ən böyüyü idi.