Kişmiş oyunu

Qış fəsli idi. Hava şiddətli soyuq idi. Biz iki nəfər seyid, İran əhli, Araz çayından Rusiya torpağına keçib axşam vaxtı özümüzü yetirdik “Zurnalı” kəndinə. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. Rus məmləkətinə səfər eləməyimizin səbəbi bu idi ki, buranın müsəlman əhalisindən həmişə mehribanlıq görüb əhli-əyalımıza az-çox ruzi əxz edib, vətənimizə geri qayıtmışıq. Allah razı olsun bu vilayətin müsəlmanlarından; ayda bir dəfə bunlara qonaq oluruq. Kəndə yetişib xəbərdar olduq ki, buranın camaatı axşamlar kəndin mötəbər ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini orada söhbət ilə yola verirlər. Biz üz qoyduq həmin Bala Sultanın tövlə otağına.