Mirzə Səfər

Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. hər görən ona salam verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbati-vücud edərdi. Mirzə Səfərin söhbətlərinə hamı aşıqdı. Gözəl danışardı. Çox şairlərin əşarı onun sinə dəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyrü-üyrü rus dilinə tərcümə edərdi. Deyərdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, Şeir demək üçün çox çalışmışdı, fəqət bir nəticə hasil olmamışdı.