Gilənar çiçəkləri və fleyta

“Hər il gilənar ağacı çiçəklərini töküb yarpaqlayanda bu hadisəni xatırlayıram...” – deyə qoca qarı söhbətə başlayır: - Otuz beş il əvvəl, atam hələ sağ idi. Atam, mən və kiçik bacım birlikdə yaşayırdıq. Anam yeddi il qabaq, on üç yaşım yenicə tamam olanda ölmüşdü. Mənim on səkkiz, bacımın on altı yaşı olanda atamı dənizin sahilindəki Sirosita şəhər məktəbinə direktor təyin elədilər, ailəmiz ora köçdü. Münasib bir ev tapa bilmədik və məbədin arxasında, dağın ətəyində qərar tutmuş tənha binada iki otaq kirayələdik. Orada altı il yaşadıq, sonra atamı Masueyə təyin elədilər. Masuedə iyirmi beş yaşımın tamamında ailə qurdum. O zamanlar üçün bu, gecikmiş nikah sayılırdı. Mən gənc yaşımda anasız qalmışdım. Özünü bütünlüklə işinə həsr eləmiş atam məişət məsələlərindən uzaq idi və mən olmasaydım, bəlkə də ailəmiz dağılardı. Bunu çox yaxşı başa düşdüyümdən, bütün evlilik təkliflərinə rədd cavabı verirdim. Heç olmasa, bacım sağlam olsaydı... Amma, təəssüf ki, mənə qəti bənzəməyən bu gözəl, ağıllı, uzun saçları olan qız həmişə xəstə olurdu. Sirositaya köçəndən iki il sonra o öldü. Onda mənim iyirmi, onun on səkkiz yaşı vardı. Mən elə həmin dövrdən danışmaq istəyirəm.