Qüssə

Axşam toran qovuşmuşdu. İri, sulu qar dənələri yeni yanmış fənərlər ətrafında tənbəl-tənbəl fırlanaraq, nazik və yumşaq laylarla damların üstünə, atların belinə, adamların çiyinlərinə və papaqlarına tökülür. Faytonçu İona Potapov başdan-ayağa xəyal kimi ağappaqdır. O, canlı adamın əyilə biləcəyi qədər belini əyərək, qozlada oturmuş və tərpənmir. Böyük bir qar qalağı üstünə düşsə belə, yəqin ki, onu öz üzərindən çırpmağı lazım bilməz. Onun atcığazı da ağ və hərəkətsizdir. Öz hərəkətsizliyi, biçimsizliyi və ağac kimi dümdüz ayaqları ilə bu at hətta yaxından baxanda belə bir qəpiyə satılan qoğal atcığazlara oxşayır.