Şirniyyat mağazasında qarət

Diribaş təyin olunmuş yerə gəlib çıxanda o birilər onu artıq gözləyirdilər. İki nəfərdilər: İsabala və Becid. Ətrafda elə sakitlik idi ki, küçədən evdəki saatların zəng səsləri eşidilirdi: budur, iki zəng, – səhər açılana qalmamaqdan ötrü tələsmək lazım idi. – Getdik, – deyə Diribaş söylədi. – Haradadı? – deyə yoldaşları soruşdu. Diribaş görəcəyi "işi" əvvəlcədən açıb danışanlardan deyildi. – Yaxşı, getdik, – deyə o təkrar etdi. Onlar çaylaqlara bənzər boş küçələrlə, tramvay yolunun dəmir relsləri ilə onları müşayiət edən ay işığında dinməzcə addımlayırdılar. Diribaş bir an belə sakit dayanmayan sarı gözlərini ətrafa gəzdirərək daima nəyisə qoxulayırmış kimi, burun dəliklərini oynada-oynada irəlidə gedirdi.İsabalaya ona görə bu adı vermişdilər ki, təzəcə doğulmuş körpəninki tək iri başı və cılız bədəni vardı. Bəlkə bir də ona görə ki, qısa qırxılmış saçları, qara nazik bığları və göyçək sifəti də vardı. O, sanki başdan-ayağa əzələdən ibarət idi, özü də pişik kimi yüngülcə, sezdirmədən yeriyirdi. Bir yerə dırmaşmaqda, gizlənmək lazım gələndə yumaq kimi domuşub oturmaqda tayı-bərabəri yox idi. Diribaş da hər dəfə onu özü ilə aparmaqda nə elədiyini yaxşı bilirdi.