Evdəki

Bu gün evimizin qarşısındakı ərazidə qalaqlanmış taxta-şalbanı yığışdırdılar. İri-iri yük maşınları o qədər taxtanı cəmi iki saata daşıyıb apardı. Mən də pəncərənin qabağından aralanmadım. Anam bir-iki dəfə “nə oturmusan, ev-eşiyi süpürmək lazımdır” desə də, fikir vermədim. Ərazinin on il əvvəlki vəziyyətini yada saldım. Məktəbdən qayıdandan sonra bu pəncərədən, futbol oynayan uşaqlara baxardım. Anam: “Nədi, ay qız, özünə ər axtarırsan?” – deyəndə utanardım. On il əvvəl anamı da sevirdim. Özü də indiki kimi qəsəbənin adamlarından qorxmazdım. Mən də onlar kimiydim. Kişilərin yanında ağıllı-ağıllı oturar, qadınların dedi-qodusuna qulaq asardım. Məktəbi bitirdiyim il ora taxta-şalban yığdılar. Beləcə, ərazinin səsi batdı. İllər boyu pəncərədən o taxtalara baxdım. Qışda üstünə qar yağar, yayda günəşin altında qovrulardı. Bu gün onları yığıb apardılar. İndi içimdə bir ümid var. Bəlkə, yenə uşaqlar fubtol oynamağa gələr deyə, gözləyirəm. Aşağıdan anamın səsi gəldi: “Yemək hazırdır…”