Buxar qadın

Bunu heç vaxt heç kimə etiraf etməmişəm, amma bir vaxtlar əsl möcüzə nəticəsində ev sahibi olmuşdum. Öpüşləri tanqo qədər ehtiraslı olan Laura yaşadığım binanın birinci mərtəbəsindəki ikinci mənzildə, bina komendantının ofisində katibə işləyirdi. Onunla səmanın buxar və ümidsizliklə dolu olduğu iyul gecəsində tanış olmuşdum. Elə meydandakı skamyada yuxuya getmişdim ki, pıçıltıya oyandım: “Qalmağa yerin yoxdur?” Laura məni bir binanın girişinə tərəf apardı. Şəhərin qədim hissəsi belə dəbdəbəli binalarla dolu idi. Qarqoyl və vampirlərdən ibarət bəzəkli labirintin arasından “1866” yazısı oxunurdu. Mən onu izləyərək əl havasına pillələri qalxdım. Biz irəlilədikcə bina köhnə gəmilər kimi cırıldayırdı. Laura məndən nə gəlirimlə bağlı məlumat, nə də arayış istədi. Lap yerinə düşmüşdü, çünki həbsxanada adama bunların heç birini vermirdilər. Damdakı kiçik otaq elə qaldığım hücrə boydaydı. “Bura mənlikdir” – dedim. Düzü, həbsdə keçən üç ildən sonra iybilmə hissimi itirmişdim, divarların o tayından gələn səslər isə mənim üçün təzə məsələ deyildi.