Kağız kürəciklər

Şervud Anderson (1876-1941) XX əsr Amerika nəsrinin ən görkəmli simalarından sayılır. Ədəbiyyata çox gec – otuz beş yaşında qədəm qoyan yazıçının ilk novellaları jurnallarda yalnız 1914-cü ildən görünməyə başlayıb. Bir sıra iri həcmli əsərlərin – "Ayaqlaşma", "Yoxsul ağ", "İstəkdən də o yana" və digər romanların müəllifi olmasına baxmayaraq, Amerika ədəbiyyatında Anderson məhz novella ustası kimi tanınıb, öz kiçik hekayələrində Birləşmiş Ştatların ucqar vilayətlərinin sadə, sıravi sakinlərinin həyatını, taleyini kapitalst dünyasının ziddiyyətləri şəraitində açıb göstərə bilib. Amerikanın gənc yazarlarıyla yaxınlıq edən və onlara dəyərli məsləhətlər verməklə bir çoxunun yaradıcılıq istiqamətini müəyyənləşdirən Anderson sonradan nəhəng ədəbi fiqura çevrilmiş Uilyam Folknerin (həmçinin müəyyən mənada Ernest Heminqueyin) müəllimi sayıla bilər; fərziyyələrə görə, hətta məşhur Yoknapatofa saqasını yazmaq ideyasını da Folknerə məhz o verib.