Daş üzərində

Tatar kəndindəki yeganə qəhvəxanadan dəniz və sahilin boz qumu aydın görünürdü. Açıq pəncərələrdən və eyvanın sütunları arasındakı iri qapıdan səmanın sonsuz maviliyinə dənizin açı-mavi rəngi içəri dolurdu. Hətta yay gününün bürkülü havası belə açıq-mavi çalar alır, o çalarda uzaq sahil dağlarının cizgiləri qərq olur və yayılırdı. Dənizdən külək əsirdi. Duzlutəhər sərinlik qonaqları cəlb eləmişdi, onlar qəhvə sifariş eləyib pəncərənin qabağında dayanır, ya da eyvanda əyləşirdilər. Hətta qəhvəxana sahibinin özü, əyriqıç Məhmət də qonaqların istəklərini əvvəlcədən başa düşüb kiçik qardaşına qışqırırdı: “Cəfər, bir qəhvə… iki qəhvə”, – özüsə başını qapıdan çıxarırdı ki, bir anlığa rütubətli havayla sərinləsin, qırxıq başındakı kirdə tatar təsəyini götürsün. Boğanaqdan qıpqırmızı olmuş Cəfər peçin odunu üfürənə, yaxşı “qaymağı” çıxması üçün qəhvədanı taqqıldadanacan Məhmət dənizə baxırdı