Adsız ağrı

Bu qadın fiquru onu bürüyən yapışqan gildən sanki heç vaxt azad olmayacaqdı. Təkcə açıq çiyinlərinə və bükülmüş belinə qədər tökülən sıx saçlarını var qüvvəsilə dartıb çıxarmağa çalışırmış kimi görünən başı məğrurcasına yuxarı qalxmışdı; ancaq bu saçlar, görülən işin naqisliyi səbəbindən, bədənə yapışmış halda idi. Bir də heykəltəraş bu füsünkar, oval simada gözlərin yerini hələ də açmadığından o, elə bir ümidsiz kədər ifadə edirdi ki, nəzər salmaq belə adama ağır gəlirdi. Gənc heykəltaraş Vittorio D`Arebanın bu əsərlə nəyi ifadə etmək istədiyini, bəlkə, heç özü də bilmirdi. Bu qızğın ehtiras bütün xırdalıqları ilə onun xəyalında qəfildən elə parlamışdı ki, o, hətta iki-üç günə eskizi bitirəcəyini düşünmüşdü. Bununla belə, bir necə həftə keçsə də, indi onun qarşısında qərar tutmuş bu üzgün qadın fiquru kamil sənət nümunəsinə çevrilməmiş, rəssam biləyini özünə tabe edə bilməmişdi.