Köhnə-kürüş

Beril Fels adlı qadının bit bazarından aldığı qədimi dəmir sandıqçada hədiyyə olaraq məxmər və zər-bafta parçalar vardı. Evdə açıb baxanda parçaların altında bir dənə də "hədiyyə" gördü - məktublar. Ezamiyyətə gedəndə, ya da uşaqları zökəm olanda etdiyi kimi, yenə dostlarına zəng vurub onlardan məsləhət istədi: - Normal adam özgə məktubları tapanda nə edir? - Sahibinə qaytarır. Axmaq məsləhətdir! Kimə qaytarasan? Yəqin, köhnə-kürüşçü bu məktubların kimə aid olduğunu bilmir. Belə adamlar onun-bunun şey-şüyünü satmaqla dolanırlar, lombardları gəzir, əlimyandıda pula ehtiyacı olanların köhnə-kürüşünü alıb satırlar. - Siz oxuyun da onları. Əlbəttə, oxyuyacaqsız! Tanış kitab alverçisi, əntiq mallardan başı çıxan adamdır, o dəqiqə rola girdi. Söhbət 40-45 yaşlarında, ömrü boyu şəngülüm ovqatında olan homoseksualist, bibliofildən gedir. Beril Fels onunla bir yerdə ideal cütlük kimi teatra, avanqard filmlərə tamaşa etməyə gedirdi.