Səslər

Bina böyük olduğu üçün qonşuların hamısı ilə tanış olmağa vaxt lazım idi. Həmişə hansı mərtəbəyə getdiyini soruşan senyora vardı. Elə bil, hər dəfə onun burada yaşadığına heyrətlənirdi. O isə nəzakətlə, səbirlə cavab verir, əksini edəcək xasiyyətdə insan olmadığı üçün təəssüflənirdi. Bilirdi ki, əvvəl-axır qadın köməyə möhtac qalacaq, bax onda ona nəzakətlə yardım edəcək. Başqa bir qonşu (vitse-prezident olduğunu demişdi) mənzillərinin həndəvərində fırlanmış, qapı aralığından görünən kitabxanasına təriflər yağdırmışdı, amma o qonşunu içəri buraxmamışdı. Nisbətən yaşlı, sərt xasiyyətli iki qadın da vardı, onları yaxından tanıyanacan bir neçə ay keçmişdi. Təkəbbürlü görünsələr də, bununla dərinlikdəki qorxu hissini ört-basdır etməyə çalışdıqlarını düşünürdü. Hətta bir dəfə qadınlardan biri onunla təklikdə liftə minmək istəməmişdi. Qapı qonşuları isə onu digər kirayəçilərin də tez-tez yol verdiyi səhvə görə xəbərdar etmişdi: hamı gecə terrasın işığını söndürməyi unudurdu, özü də terras lampası bahalı idi.