Şkaf

Söhbət yava qadınlardan düşmüşdü, çünki nahar fasiləsindən sonra, həm də sırf kişi məclisində başqa nədən danışıla bilər ki? Aramızdakılardan birisi: — Heç bilirsiniz mənim başıma necə qəribə əhvalat gəlib? – deyə soruşdu. Bunun ardından isə belə bir əhvalat nağıl elədi: — Keçən il qış axşamlarından birində bütün varlığımı sarsıdacaq qədər güclü bir kimsəsizlik və tənhalıq hissi mənə hakim kəsildi. Yəqin ki, eyni hissləri çoxunuz yaşamısınız. Öz otağımda tənhalığımla baş-başa oturmuşdum və birdən mənə elə gəldi ki, bir az da beləcə yalqız qalsam, bu təklik axırıma çıxacaq, çünki belə qorxunc yalqızlıq hissi gec-tez adamı intihara qədər gətirib çıxara bilir.