Donuzotaran

XIX əsrin görkəmli Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Kristian Andersen 1805-ci il aprelin 2-də Odense şəhərində, çəkməçi ailəsində doğulub. Gənc yaşlarından ədəbi əsərlər yazıb. İlk şeirləri 1826-1827-ci illərdə nəşr olunub. Andersenin demokratik, humanist dünyagörüşü nağıllarında daha dolğun əks olunub. Yazıçı “Çirkin ördək balası” nağılında əsl istedadın bütün maneələri dəf edərək, özünə yol açacağı fikrini irəli sürür, “Bülbül” əsərində həqiqi sənəti süni gözəlliyə qarşı qoyub. “Dəyanətli qalay əsgərcik”, “Qar kraliça” və s. nağıllarda sadə, yoxsul adamların mənəvi zənginliyindən danışılır. “Noxud üzərində yatan şahzadə qız”, “Donuzotaran” nağıllarında aristokratiya nümayəndələrinin xudpəsəndliyi, zövqsüzlüyü və şıltaqlığı təsvir olunur. Onun nağılları böyüklər üçün də ibrətamizdir. Andersen folklordan yaradıcılıqla istifadə edib. Dinamik süjet, danışıq dilinin sadəliyi və canlılığı, dərin emosionallıq, incə yumor nağılların xarakterik xüsusiyyətidir.