Qara pişik

Yazmağa hazırlaşdığım bu dəhşətli əhvalata inanacağınızı düşünmürəm, heç sizi buna inandırmaq iddiasında da deyiləm. Duyğularımın özü-özünü inkar etdiyi bir halda bunu başqalarından gözləməyim dəlilik olardı. Amma mən dəli deyiləm, heç yuxu da görmürəm. Lakin bir sabah öləcəyimi düşünəndə bu gün ruhumu bu ağır yükdən xilas etmək istəyirəm. Məqsədim adi məişət hadisələrini yığcam şəkildə, şərhsiz ortaya qoymaqdır. O hadisələr ki, öz nəticələri ilə məni dəhşətə gətirdi, əzab verdi və məhv etdi. Nə isə...onları izah etməyə çalışmayacağam. Bu hadisələr mənə dəhşətdən başqa bir şey vermədi, halbuki bəlkə başqalarına o qədər dəhşətli görünməyə də bilərdi. Bəlkə kiminsə dərrakəsi mənim təxəyyülümü bayağı bir nağıl hesab edəcək. Bəziləri isə həyəcansız və soyuqqanlı qarşılayacaq. Düşünəcək ki, nəql edəcəyim bu hekayət əslində bir-birlərini təbii şəkildə izləyən hadisələr zəncirindən başqa bir şey deyil.