Tarzan və onun heyvanları

Edqar Rays Berrouz XX əsrdə elmi-fanastika və fentezi janrlarının inkişafına böyük təsir göstərmiş məşhur Amerika yazıçısıdır. Çikaqoda anadan olan yazıçı 1895-ci ildə Miçiqan hərbi akademiyasını bitirmiş, gənclik illərini Amerikanın uzaq qərbində keçirmiş, kovboy və qızılaxtaran olmuşdur. Berrouz klerk işlədiyi vaxt macəra hekayələri çap edən bayağı jurnallardakı elanları gözdən keçirir, eyni zamanda hekayələri oxumaq imkanını da əldən vermirdi. Oxuduqlarından ruhlanmış E.R.Beroouz həmin hekayələrə bənzər bir əsər yazmaq qərarına gəlir və 1912-ci ildə Norman Bin təxəllüsü ilə “Marsın Ayları altında” hekayəsini, Con Karterin Marsdakı sərgüzəştləri silsiləsindən ilk romanını çap etdirir. Daha sonra yaradıcılığının ən uca zirvəsi hesab edilən “Tarzan” silsiləsini qələmə almağa başlayır. Tarzan haqqında ümumilikdə iyirmidən çox kitab yazır.

Spartak

R. Covanyoli məşhur italiyan yazıçısıdır. «İtaliyanın siyasi tarixi», «Pelleqrino Rossi və Roma respublikası», «Çiçeruakyo və Don Pirlone» və bir sıra başqa əsərlər onun qələminin məhsuludur. Lakin bu əsərlərin heç biri müəllifi dünya miqyasında «Spartak» qədər məşhur ­etməmişdir. Spartak – mübarizə, mətanət, cəsarət simvoludur. Bu ad azadlıq uğrunda mübarizənin rəmzi kimi bütün bəşəriyyətin inqilabi rəşadət tarixinə ­düşmüşdür.

Qorxu vadisi

Romanın birinci hissəsində Şerlok Holms professor Moriartinin əlaltısı Porlokdan şifrəli məktub alır. Məktubda mister Duqlas adlı birisinə sui-qəsd hazırlanması barədə xəbər verilir. Bir qədər sonra Şerlok Holmsın Beykep-stritdəki evinə Skotlənd-Yardın inspektoru Makdonald gəlib xəbər verir ki, mister Duqlas öz malikanəsində qətlə yetirilib. Şerlok Holms tədqiqata başlayır. Lakin məlum olur ki, qətlə yetirilən mister Duqlas deyil, onu qətlə yetirmək istəyəndir. İkinci hissədə Pinkerton şirkətinin xəfiyyəsi Berdi Edvards, Makmerdo adı ilə Vermiss şəhərciyinə gəlir ki, “Təmizləyicilər”in dəstəsinə daxil olsun. Bu Mak-Merdoya nəsib olur. Romanın süjet xəttinin maraqlı, həyəcanlı hadisələri də bundan sonra başlayır…

Emil və detektivlər

Alman uşaq ədəbiyyatının klassiki sayılan Erix Kestnerin “Emil və detektivlər” əsəri Emil adlı uşağın başına gələn macəralardan bəhs edir. İlk dəfə Berlinə qatarla yola düşən Emil çox həyəcanlıdır. Lakin onunla eyni kupedə səyahət edən koteloklu cənabın görünüş və hərəkətlərini bəyənmir. Sonra Emil yuxuya gedir. Oyananda görür ki, kupedəki koteloklu cənab da, cibindəki pullar da yoxdur. Elə əsl macəra da bundan sonra başlayır. O, Berlində tanış olduğu uşaqlarla – gənc detektiv dəstəsi ilə birləşərək oğrunu tutmaq üçün təqibə başlayır.

Oliver Tvistin macəraları

Ç.Dikkens “Oliver Tvist”, “Milad əhvalatları”, “Böyük ümidlər”, “Devid Kopperfild”, “İki şəhərin əfsanəsi” kimi məşhur əsərlərin müəllifidir. 1837–1839-cu illərdə yazılmış “Oliver Tvist” əsəri ingilis ədəbiyyatında baş qəhrəmanı uşaq olan ilk romandır. Romanda ingilis cəmiyyətində baş alıb gedən haqsızlıqlar, uşaq əməyindən istifadə, cinayətkarlığın geniş yayılmasından bəhs olunur. Əsər, əsasən, realist üslubda yazılsa da, burada müsbət obrazların mələyə bənzədilməsi, cinayətkarların eybəcər təqdim olunması, xoşbəxt sonluq kimi romantizmə xas xüsusiyyətlərə də rast gəlmək mümkündür.