Dayanacaq

Avtobus ləngər vura-vura dayanacağa yaxınlaşdı. Elə dayanan anda da mühərrikin uğultulu səsi kəsildi. Sonuncu dayanacaqdı. İçəridəki 3-5 nəfər sərnişin də ağır-ağır ön qapıya yaxınlaşıb gediş haqqınıödəyəndən sonra dağılışıb getdilər. Rayon avtobusunun sürücüsü həvəslə yerə enib tələsik özünü dayanacağın on-on beş addımlığında olan kafeyə yetirdi. Gün ərzində tərini silməkdən duzlaşmış köhnə, rəngi ağarmış cib dəsmalını soyuq suyun altında isladaraq üstü tozlu plastmas stullardan birinəçökdü. Stul adamın ağırlığından sanki bu dəqiqə parça-parça olacaqdı.

Xurma ağacı

- Bismillah! Bismillah! Bismillah!.. Dəhşətli silah səsləri eşidirəm. Gurultulu bir partlayış səsi ilə tozanaq qalxır, göz-gözü görmür. Bədənim titrəməyə başlayır. Öz mövcudluğumu, varlığımı hiss etmirəm. Təngnəfəsəm. Həyəcan. Boğuluram... Çaşqın halda, atəş səslərinin hardan gəldiyinə qulaq kəsilirəm. Heç nə anlaya bilmirəm. Dikəlib ətrafa baxıram. Bu, indi çox təhlükəlidir. Hər an düşmən gülləsinə tuş gələ bilərəm.

Coşqun dəniz

Dünən Coşqun əsgər getdi. İnşAllah sağ-salamat qayıdar. Elə hey gözlərimə baxırdı. Görürdüm ki, bizə görə narahatdır. Amma bu onu yolundan döndərə bilməzdi. Baxdı, baxdı... Dedi, Dəniz, oğlumuzdan muğayat ol. Bu bir cümləni elə dedi ki, göz yaşlarımı güclə saxladım. Sonra da getdi... Yaxşı, bəsdir! Bəd fikirlərə dalma. Xoş şeylər haqqında fikirləşmək lazımdır, yalnız xoş şeylər! O, vətənə borcunu qaytarmağa gedib, vəssalam. Niyə narahat olmalıyam ki? Həm də mən işə gecikirəm. Əlbəttə. Çox fikir eləməmək üçün işləmək lazımdır. İşləmək üçün isə oturduğum yerdən qalxıb, gödəkcəmi geyinib, avtobusa minməliyəm. Eh... Əvvəllər buna tənbəllik edirdim, amma bu gündən sonra etməyəcəm. Coşqun soyuqda vuruşmağa getdisə, işə getmək üçün tənbəllik etməyim, ayıb olar.

Mənəm – Yusif!

26 sentyabr Nəfəsimi saxlamışdım. Baxışlarım yarpağın üzərində dövrə vuran kəpənəyə zillənmişdi. Hərəkətsiz dayanıb onu izləyirdim. Nəhayət, ürkək hərəkətlərlə astaca yarpağın üzərinə qondu... Düyməni basdım... Sonra dərindən “oh” çəkib ayağa qalxdım. Dizlərimin tozunu çırpıb başımı qaldırdım. Tərlan məndən on - on beş addım aralıda, torpağın üstündə uzanmışdı. Əllərini çarpazlaşdırıb başının altına qoymuşdu. Gözləri yumulu idi. Gülümsəyirdi...

Torpağa qarışan qan

Artıq üç gün idi ki, ermənilər kəndi atəş altında saxlayırdılar. Bununla da kiçik və iriçaplı silahlardan atılan güllələrlə dinc əhalini vahiməyə salmağa çalışırdılar. Hələ iki ay bundan əvvəl, yəni 2020-ci ilin iyul ayında ermənilər tərəfindən sərhədlərimizə edilən hucum nəticəsində gedən beşgünlük müharibə də eyni ssenari ilə başlanmışdı. Düşmən məsafəcən Qarabağdan çox uzaqda olan sərhəd kəndlərimizi atəşə tutmuş, bir neçə dinc sakinlərimizin evlərini bombalamışdı. Bunun nəticəsində öz həyətində ağacları sulayan qocaman kənd sakini 76 yaşlı Əziz kişinin evinə qəflətən düşən bombanın qəlpələri onun həyatına son qoymuş, həyətdəki tut ağacına hörüklənmiş bir sağmal inəyini və pəyədə olan səkkiz qoyununu, həyət-bacada hərlənən yüzə yaxın toyuq-cücəsini yerə sərmişdi. Qonşuya yuxa salmağa köməyə getmiş Nisə arvad partlayış səsini eşidən kimi əlləri unlu halda özünü həyətlərinə yetirəndə artıq gec olduğunu, əlli illik ömür-gün yoldaşının başından və sinəsindən aldığı qəlpə nəticəsində cansız halda torpağa yayılan qan içində yerdə uzandığını görmüşdür.