Həkim Cinayətov

Gənc tələbə Ramazan Əlizadə səhiyyə şöbəsində ərizəsinə dərkənar qoydurub, tələsik müalicəxanaya yollandı, qırmızı mürəkkəblə və xırda xətlə yazılmış dərkənar bu məzmunda idi: "Təcili tibbi yardım göstərməli". Ramazan atasının başına gələn bədbəxt hadisədən təşvişə düşmüşdü. Atasız qalacağını təsəvvür etdikcə beyninə bir ağrı dolurdu. Özünə ümid vərərək deyirdi: "Atamın yarası bir o qədər qorxulu deyil. İndiki həkimlər ölünü dirildirlər. Atam üçün niyə qorxuram? Klinikadan bu saat bir həkim alaram, təcili müalicəsinə başlaram". Ramazan bu kimi fıkirlərlə klinikanın qapısından içəri girdi. Bir tərəfdə qadınlar durmuşdu. Bunların duruş və baxışlarından xəstəlik yağırdı. Çoxunun qucağında azarlı uşağı vardı. Kiminin başı, üzü və ayağı sarıqlı idi.

Dostumun qonaqlığı

Kənddə, tanışlarımdan birinin evində Mirzə Qulamla tanış oldum. O, şəhərdən gəlmişdi. Deməyinə görə, istəkli dostunun ailəsilə bir yaylaq yerinə getmək istəyirdi. Onu vəkil eləmişdi ki: "Get, yer seç, ev tut, mənə xəbər ver!" Nədənsə Mirzə Qulam mənə çox hörmət eləyirdi. İlk tanışlığımız olsa da, uzun illərin dostu, yaxın qohum kimi danışırdı. Mən onun hər sözünə "bəli" deyirdim, lakin söhbətimizi uzatmaq istəmirdim. O, yəqin bunu hiss etmişdi. Səsini dəyişdi, mənə yaxınlaşıb, yavaşcadan dedi:

Bostan oğrusu

Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi. Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı. - İş yiyəsi işdə gərək! - deyən Durmuş kişi çoxdan bəri suvarılmadığından qurumuş və torpağı çatlamış ləklərin arası ilə gedirdi. Quru otlara, yemiş tağlarının süfrə kimi enli yarpaqlarına dəyib, səs salmamaq üçün şalvarını dizinə qədər çırmadı, papağını qoltuğuna vurub, sinə-sinə yeridi. Sonra özünə ürək vərməyə başladı: "Heç qorxmaq istəməz! Yatıbsa, işim işdir. Oyaq olsa, deyərəm: "Söhbətə gəlmişəm. Tutdu hənək, tutmadı dəyənək!"

Xarici naxoşluq

Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan söhbət gedir... Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt məni tərk etmir.

Təzə məskəndə iki nəfər

Qoşa, yoğun boruları az qala göyə dəyən böyük neftayıran zavodun sağ tərəfində təzə və uca binalar tikilmişdi. Onlar uzaqdan maketi xatırladırdı. Adama elə gəlirdi ki, orada həyat yoxdur. Lakin qəsəbəyə yaxınlaşdıqca insan səsi, insan nəfəsi duyulur, həyət-bacada bir qaynaşma gözə çarpırdı. Köhnə məhəllələrin ətrafı yaşıllığa bürünmüşdü. Orada söyüd də əkmişdilər, çinar da, qovaq da. Rəngarəng, ətirli güllər alt mərtəbələrin pəncərələrinə sarmaşmışdı.