Kişi papağı

Bu gerçək əhvalatı mənə tanışım danışıb. Üstündən yarım əsrdən çox keçsə də, mənə elə gəldi ki, məhz indi onu xatırlamaq və vətəndaşlarımıza, o cümlədən gənclərimizə danışmaq lazımdı. Deməli, əhvalat Azərbaycanın böyük dağ kəndlərindən birində baş verib və bu hadisələri görüb yaddaşına həmişəlik həkk edən bu adamın o vaxt on yaşı olub. Adət üzrə, kənddə ağsaqqallara hörmətlə yanaşırdılar. Ənənəvi olaraq, papaqlı üç nəfər həmkəndlisinin müxtəlif mübahisə və şikayətlərini həll etmək üçün kənddən keçib mərkəzdə, böyük ağacın yanında toplaşırdılar. Onların icazəsi olmadan nə milis əməkdaşları, nə də formalı prokurorlar kənddə görünə bilərdilər. Sovet hakimiyyətinin çiçəklənmə dövrü idi - indi buna inanmaq, demək olar ki, mümkün deyil. Amma yerli hakimiyyət bu kənddə adətləri bilirdi və dağlıların ənənələrinə hörmətlə yanaşırdı.

Dərs

Onlayn ingilis dili qrupunda iki nəfər oğlan idik. Müəlliməmiz isə qara saçları və qara qaş-gözüylə çox gözəl görsənən təxminən 24-25 yaşlı bir qız idi. Onun ailəli olub-olmadığını bilmirdik. Amma zahiri görkəminə qarşı laqeydliyinə və heç vaxt bəzənib-düzənməməyinə əsasən zəif ehtimalla da olsa, belə düşünürdüm ki, o, ailəlidir. Bəzən dərs vaxtı fikrim yayınıb başqa yerlərə gedəndə, bir də o vaxt ayılırdım ki, qulaqlarım, ekranın o tayında danışan müəlliməni eşitmək əvəzinə sinsi oğrular kimi o 25 yaşlı qızın oturduğu otağın qapısını açıb evin başqa otaqlarına getmək və hardansa bir uşaq səsi eşidib geri qayıtmaq üçün məni öz arxasınca sürüyür. Mən xəyalən ekranın o tayına adlayaraq müəllimənin arxasında görsənən televizorun yanından keçib sakitcə otağın qapısını açır və sağa-sola boylanaraq digər otaqlara bir-bir göz qoyarkən taxtın üstündə uzanıb telefonla oynayan bir kişi və beşikdə yırğalanan bir körpə görüb geri qayıdırdım.

Əmzikli sərhədpozan

Nahardan sonra hərbi hissənin meydançasında gəzintiyə çıxmışdım. Birdən gizir Fərmanzadə yaxınlaşdı. Hərbi təzim etdi, salamlaşdıq. - Xeyirdimi, İlqar? - Gəlişinin məqsədini soruşdum. - Məni də çağırıblar, - dedi və başı ilə çiynindəki səhra çantasına işarə elədi, yəni hazırlıqlı gəlmişəm, əmrə müntəzirəm. - Get, növbətçidə qeydiyyatdan keç, gözlə. - Baş üstə! - deyib getdi, yorğunluğu hiss olunurdu, bəlkə də, zastavadan yaxınlıqdakı kəndə qədər piyada gəlmişdi.

Bobıl və Dostcan

Qoca Bobıl kəndin qırağında yaşayırdı. Bobılın koması və iti vardı. Düzü-dünyanı gəzib çörək qırıntılarını yığır, onları yeyib yaşayırdı. Bobıl heç vaxt itindən ayrılmırdı. İtinə məhəbbətlə Dostcan deyirdi. Bobıl kənddə gəzib pəncərələri döyür, it isə yanında dayanıb quyruğunu yellədirdi. Elə bil öz payını gözləyirdi. Adamlar Bobıla deyirdilər: "Bobıl, bəlkə iti azdırasan, özün yeməyi güclə tapırsan..." Bobılsa qəmli gözləriylə baxırdı, baxırdı, heç nə demirdi. Dostcanı çağırıb pəncərədən uzaqlaşır, çörək parçasını götürmürdü. Qəmgin adam idi Bobıl, az danışırdı.

Quyu

– Mama, mama! Miri hanı? Anası quyudan su çəkirdi, ipi saxlayıb bağa göz gəzdirdi. Miri bağın bu tərəfində yox idi. Bağın ortasında bitmiş iri, amma qısır qaysı ağacı ilə yenə də iri amma bar verən ağ tut bağın o biri tərəfini gizlətmişdi. Anası yenə ipi çəkməyə başladı, dodaqucu dedi: – Bağın o biri tərəfinə bax, meynələrin arasına. Şəhər uşağıdı, birdən bilməz, qoraları yeyər, qoyma yesin, sonra qarnı ağrıyar. Bağın o tərəfinə baxmışdı. Miri meynələrin arasında yox idi. Tualetdə, evdə də yox idi. Miri bağda yox idi. Tələsik alaqapıya qaçdı, bayıra çıxıb balaca meydançanı keçdi. Əvvəlcə qonşuları Xeybərin hasarının dibi ilə Maştağaya gedən yola baxdı, axıracan bomboş idi. Sonra Zina xalanın çəpərinin yanı ilə stansiyaya gedən yola baxdı, ora da boş idi. Həyətə qayıtmalı oldu.