Günlərin bir günündə Məmmədnəsir tinində bir cavan oğlan varıdı. Bu oğlanın özünə görə az-çox dövləti varıdı. Oğlan evlənib toy elədi. Günlərin birində arvadının boynuna uşaq düşdü. Arvad həmliydi, oğlan qürbətə getdi. Oğlan gedəndən üç ay sonra arvad bir gözəl qız doğdu. Arvad ərinə yazdı ki, bir qızımız olub, adını da Şükufə qoymuşam. On altı ildən sonra arvad ərindən kağız aldı ki, gəlirəm. Bəli, bir gün Şükufə xanım evdə yatmışdı, anası da evdə yoxudu. Bu vaxt Şükufə xanımın dədəsi gəldi. İçəri girib gördü arvadı yoxdu, amma bir gözəl qız yatıbdı, belə gözəldi ki, yemə, içmə bu qızın xətti-xalına, gül camalına tamaşa elə. Aya, günə deyir: sən çıxma, mən çıxıram. Dədəsi Şükufə xanımı görən kimi az qaldı ağlı başından çıxsın. O saat qıza aşiq oldu.
Sultan İbrahim
Biri varıdı, biri yoxudu, Ənuşiravan adında bir padşah varıdı. Günlərin bir günündə padşah öz taxtı-səltənətində oturmuşdu. Birdən gözü aynaya sataşdı. Gördü ki, saqqalına dən düşüb. Ənuşiravanı fikir götürdü, öz-özünə dedi: – Dövlət var, mal var, can gedir. Sabah ölsəm, yerimdə kim padşahlıq eləyib dövlətimə sahib olacaq? Ənuşiravanı fikir götürdü, çünki onun heç evladı olmurdu. Gecəgündüz peşəsi ağlayıb sıtqayıb, Allaha yalvarmaqdı ki, bəlkə Allah buna bir evlad verə. Bu dəmdə qapı döyüldü. Fərraşlardan birisi gəlib, baş əyib dedi: – Qibleyi-aləm, abid yanına gəlmək istəyir. Padşah dedi: – Buraxın, gəlsin. Abid baş əydi, ədəb-salamını yerinə yetirdi. Padşah onu yanında oturtdu. Abid gördü ki, padşah özündə-sözündə deyil. Abid dedi: – Qibleyi-aləm sağ olsun, nə olub ki, belə pərişansan? Ənuşiravan dedi: – Mən onun üçün pərişanam ki, saqqalıma dən düşüb, oğul-uşaqdan da heç bir şeyim yoxdu. Abid dedi: – Qibleyi-aləm, sənə bir alma verim, elə ki, axşam oldu, hərəmxanaya get. Almanı iki bölüb yarısını baş hərəminə ver, yarısını da özün ye. Amma sənnən bir şərt bağlayıram, elə ki, oğlun və ya qızın oldu, ad qoyan günü məni çağır, gərək ona adı mən qoyam.
Hatəmin nağılı
Biri varıdı, biri yoxudu, Hatəm adlı bir dövlətli varıdı. Hatəm çox səxavətli, əliaçıq, fağır-füqəranı dost tutan bir adam idi. O, yeddi yolun ayrıcında bir imarət salmışdı, imarətə qırx qapı qoymuşdu. Qullarına, kənizlərinə tapşırmışdı ki, bura gələnlərə hər qapıdan girəndə bir qızıl versinlər. Belə ki, bura gələn hər adam qırx qızıl alırdı. Günlərin bir günündə bir dərviş oxuya-oxuya gəldi Hatəmin imarətinə. Adətə görə, hər qapıdan girəndə bir qızıl aldı. Elə ki gəldi çıxdı qırxıncı qapıya, gördü ki, həmin otaqda Hatəm özü əyləşib. Dərviş başladı oxumağa. Hatəm gördü bu çox yaxşı dərvişdi, çox da yaxşı səsi var. Quluna dedi: – Get baba, dərvişə de ki, zəhmət çəkib buyursun içəri.
Məstan
Bəli, nağıl binasını qoyaq yavaş-yavaş, olum qapında qulnan qaravaş. Dövlətli plova şıllaq vurar, kasıb tapmaz bir kasa bozbaş. Biri varımış, biri yoxumuş, Mahmud adında bir tacir varımış. Bəli, belə deyirlər, tacir Mahmudun oğul sarıdan üzüqara, amma qız sarıdan elə keyfi kökdü ki, xoruz tək damağı şax-şax şaqqıldayırdı. Tacir Mahmudun Nigar xanım adlı bir qızı vardı, elə gözəldi ki, baxanın ağlı başından çıxıb, dəli-divanə olurdu. Nigar, nə Nigar, hər saç hörüyü bir salxım qara şanı. Alnı ay kimi, zülmatlara işıq salır. Qaşları elə bil qüdrəti-ilahinin qələmiylə çəkilib. Gözləri qara, kirpikləri yayından çıxmış ox kimi, rəngi sürməyi çalır. Burnu hind fındığı. Yanaqlarına elə bil bir şüşə qan çilənmişdi, ləbləri şəkər, sinəsi mərmər kimi par-par parıldayır. İncəbelli, uzunboylu, şux dayanışıqlı, ceyran yerişli bir maraldı. Bəli, görək belə bir nemət kimə qismət olar.
Daş üzük
Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox. Orda bir tazı gördüm, onun da xaltası yox. Günlərin bir günündə, Məmmədnəsir tinində, göy imamın belində, biri varıdı, biri yoxudu, Allahdan başqa heç kim yoxudu. Mən çox şilaşı yemişəm, heç belə yalan deməmişəm. Kimdən sizə deyim, əyyam qədimdə bir keçəl varıdı. Bu keçəlin də bir anası varıdı. Bunlar çox kasıb idilər. Keçəlin anası gündə bir yumaq əyirərdi, keçəl aparıb bazarda satardı, onun puluna çörək alıb, gətirib yeyərdilər. Belə-belə bunlar dolanardılar.