İsa Muğannanın – “Saz” əsəri əsər Böyük Vətən Müharibəsi illərində arxa cəbhədə yaşanan həyatın ağırlığını, baş verən konfliktlərin dinamik inkişafını maraqli şəkildə əks etdirir. İsfəndiyar kişi, Qılınc Qurban, Çekist Məhərrəm, Milli, Cəbrayıl kimi xarakterlər, yaradılan təzadlı situasiyalar Azərbaycan kəndinin və insanının bütün koloritini canlı şəkildə ötürə bilir. Əsər elə real təsvirlərlə zəngindir ki, oxucu özünü o dövrün və o insanların içində hiss edəcək. Motivləri əsasında məşhur “Tütək səsi” filmi çəkilmiş əsərlərdə nəql olunan əhvalatlar çox asanlıqla yaddaşa köçür.
Qarabağa dönüş
Yaramızdan axan qan qan deyil, qorxumuzdur, Ağrılarla qovulan ətalət yuxumuzdur. Dünən ağladığıma bu gün qəlbən gülürəm, Ölüydüm yaşadıqca, dirilməyə ölürəm. Nə bu ölüm yenidir, nə yarımcan dirilik, Üzdə bütöv olsam da ürəyim çilik-çilik. Yad əllər parçaladı, bölündükcə bölündük, Küləklərdə sovrulduq, ələklərdə ələndik.
Xatiratım
“Xatiratım” memuarının dili və üslubu da “Danabaş kəndinin əhvalatları”nın təhkiyəsi ilə eynidir. Bu əsər qiymətli memuar ədəbiyyat nümunəsi olmaqdan başqa, həm də cəlbedici, düşündürücü, ibrətamiz, oxunaqlı orijinal bir nəsr əsəri təəssüratı yaradır. Heç tərəddüd etmədən “Xatiratım” memuarını Azərbaycan sənədli nəsrinin ən mükəmməl nümunələrindən biri kimi qəbul etmək olar.
Qorxulu nağıllar
Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir. “Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.
Marallarım
Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildən etibarən "Marallarım" adı altında "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi hekayələrini "Mütrüb dəftəri" ilə başlamışdır. Hekayədə kənd yüzbaşısı Qasım əminin fəaliyyətindən danışılır. "Marallarım" adı altında gedən hekayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini verir, cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edir, xalqın ruhunu, zehnini zəhərləyən təbliğatçıları kəskin tənqid atəşinə tuturdu.