Biri varıdı, biri yoxudu, Hatəm adlı bir dövlətli varıdı. Hatəm çox səxavətli, əliaçıq, fağır-füqəranı dost tutan bir adam idi. O, yeddi yolun ayrıcında bir imarət salmışdı, imarətə qırx qapı qoymuşdu. Qullarına, kənizlərinə tapşırmışdı ki, bura gələnlərə hər qapıdan girəndə bir qızıl versinlər. Belə ki, bura gələn hər adam qırx qızıl alırdı. Günlərin bir günündə bir dərviş oxuya-oxuya gəldi Hatəmin imarətinə. Adətə görə, hər qapıdan girəndə bir qızıl aldı. Elə ki gəldi çıxdı qırxıncı qapıya, gördü ki, həmin otaqda Hatəm özü əyləşib. Dərviş başladı oxumağa. Hatəm gördü bu çox yaxşı dərvişdi, çox da yaxşı səsi var. Quluna dedi: – Get baba, dərvişə de ki, zəhmət çəkib buyursun içəri.
Məstan
Bəli, nağıl binasını qoyaq yavaş-yavaş, olum qapında qulnan qaravaş. Dövlətli plova şıllaq vurar, kasıb tapmaz bir kasa bozbaş. Biri varımış, biri yoxumuş, Mahmud adında bir tacir varımış. Bəli, belə deyirlər, tacir Mahmudun oğul sarıdan üzüqara, amma qız sarıdan elə keyfi kökdü ki, xoruz tək damağı şax-şax şaqqıldayırdı. Tacir Mahmudun Nigar xanım adlı bir qızı vardı, elə gözəldi ki, baxanın ağlı başından çıxıb, dəli-divanə olurdu. Nigar, nə Nigar, hər saç hörüyü bir salxım qara şanı. Alnı ay kimi, zülmatlara işıq salır. Qaşları elə bil qüdrəti-ilahinin qələmiylə çəkilib. Gözləri qara, kirpikləri yayından çıxmış ox kimi, rəngi sürməyi çalır. Burnu hind fındığı. Yanaqlarına elə bil bir şüşə qan çilənmişdi, ləbləri şəkər, sinəsi mərmər kimi par-par parıldayır. İncəbelli, uzunboylu, şux dayanışıqlı, ceyran yerişli bir maraldı. Bəli, görək belə bir nemət kimə qismət olar.
Daş üzük
Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox. Orda bir tazı gördüm, onun da xaltası yox. Günlərin bir günündə, Məmmədnəsir tinində, göy imamın belində, biri varıdı, biri yoxudu, Allahdan başqa heç kim yoxudu. Mən çox şilaşı yemişəm, heç belə yalan deməmişəm. Kimdən sizə deyim, əyyam qədimdə bir keçəl varıdı. Bu keçəlin də bir anası varıdı. Bunlar çox kasıb idilər. Keçəlin anası gündə bir yumaq əyirərdi, keçəl aparıb bazarda satardı, onun puluna çörək alıb, gətirib yeyərdilər. Belə-belə bunlar dolanardılar.
Bəbir və çaqqal
Ovdan qayıdan bəbir kəndin yaxınlığında qoyun gördü. Əvvəllər bəbir heç vaxt belə heyvan görməmişdi. O qorxdu və qoyuna cəsarətsiz halda yaxınlaşıb soruşdu: - Dostum, salam! Sənin adın nədir? Qoyun ayaqlarını tappıldatdı, bərkdən mələdi: - Mən qoyunam. Bəs sən kimsən? - Mən bəbirəm, - deyə bəbir cavab verdi. Bunu deyib, o, qorxaq kimi tez burdan uzaqlaşdı. Yolda bəbir çaqqala rast gəldi və çox qorxulu heyvanı gördüyünü söylədi. Beləsi ilə o hələ üz-üzə gəlməyib. Çaqqal güldü: - Oh, sən necə də axmaqsan, bəbir! Sən çox ləzzətli ət parçasını əlindən buraxmısan. Sabah ora birgə gedərik, onu tutub yeyərik!
Xudafərin körpüsü
Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanı XV əsrin sonlarında Azərbaycanda mövcud olan ağır və gərgin geosiyasi vəziyyətin, feodal pərakəndəliyinin və xalqın vahid dövlət həsrətinin geniş bədii mənzərəsi ilə başlayır. Əsərin başlanğıcında Şeyx Heydərin ölümündən sonra Səfəvi sülaləsinin son ümidi olan balaca İsmayılın düşmənlərdən gizlədilməsi, onun Lahıc dağlarında qızılbaş müridləri tərəfindən böyük çətinliklərlə qorunması və həm bir döyüşçü, həm də elm və sənət adamı kimi necə yetişdirilməsi geniş təsvir olunur. Süjet xətti ortalara doğru irəlilədikcə, artıq yetkinləşən və çiyinlərindəki tarixi missiyanı dərk edən İsmayıl Lahıcdan çıxaraq ətrafına sadiq qızılbaş əmirlərini və böyük bir ordunu toplamağa başlayır; o, bir tərəfdən atasının və babasının qisasını almaq üçün Şirvanşah fərrux Yasarın üzərinə yürüş edir, digər tərəfdən isə saray intriqaları, xəyanətlər və daxili çəkişmələrlə alovlanan Ağqoyunlu dövlətinin zəifləməsindən istifadə edərək vahid Azərbaycan dövləti qurmaq ideyasını reallaşdırmağa addım-addım yaxınlaşır.