Ağciyər

Tramvaydan düşmək istəyirəm, amma ürək eləmirəm. Yaxınlaşdığımızı bilirəm, çünki daşla dolu yarğanlar görünməyə başlayıb. Elə bil, Adelfanın yaşadığı məhəllənin evləri palçıqdan və qaya parçalarından tikilib. Nə pəncərələrdə şüşə, nə də damlarda kirəmit var. Məhəllə itləri qırıq dişli və palçıqlı ağızlarını böyük-böyük açıb arxamızca düşüblər. Kəlləmi çatlatsam da, beynim reyslərə dağılsa da, ölsəm də, tramvaydan indi düşmək istəyirəm. Çünki indi ölsəm, daha heç bir sirr saxlamalı, kiməsə verdiyim sözləri tutmalı olmayacağam. Adelfa dəliyə dönərdi, atam kədərdən ölərdi, amma mən azad olardım. Tramvaydan düşüb çoxlu qan itirdiyim üçün ölsəm, Adelfa keçəl qalanadək saçlarını yolardı. Xəstəxanadan uşaqsız qayıtdığı gün elədiyi kimi. Atam isə hər kəs tərəfindən unudular, ruhlar və toz basmış mebellər arasında qocalardı.

Məbəd

Yenə həmin xoşagəlməz, müəmmalı səs gəlir! – əvvəlcə zəif miyoltu eşidilir, sonra sanki dırnaqlarla, ya da caynaqlarla nəyisə cızırlar, cırmaqlayırlar. Əvvəlcə qadın elə bildi ki, səs evin içindəki hansısa balaca heyvandan gəlir. Bəlkə də çardaqda, ya da torpaq döşəməli zirzəminin uzaq küncündə ilişib qalmış dələdir; evi yaxşıca axtardıqdan sonra düşünür: səs çöldən, ola bilsin, köhnə bağın dərinliklərindən yüksəlir. Çünki səs küləyin istiqamətindən və sürətindən asılı olaraq, bəzən daha aydın eşidilirdi. Körpə ağlamağına bənzəməsi adamı lap kədərləndirir! Hələ çarəsiz, qırıq-qırıq cəhdlərə oxşayan cırmaq səsləri. Onlar adamı daha da çox kədərləndirir və anlaşılmaz qorxu hissi oyadır.

Pərqu balış

Məşhur uruqvaylı yazıçı Orasio Kiroqa təbiətin qaranlıq güclərindən, insan psixikasının sirrlərindən bəhs etdiyi əsərləri ilə oxuculara Edqar Po ruhunu hiss etdirir. Onun selva heyvanları haqqında yazdığı hekayələr uşaq ədəbiyyatının əvəzolunmaz nümunələrindəndir. Kiroqa dünya miqyasında Uruqvay ədəbiyyatının prestijini yüksəldən və Latın Amerikası magik realizminin əsasını qoyan yazıçı hesab olunur. Ən məşhur hekayələrindən biri “Pərqu balış” adlanır. Bu hekayə əsasında qısametrajlı animasiya filmi də çəkilib.

Qaçış marşrutları

Fikir verdim ki, söhbəti hərləyib-fırlayıb mebel məsələsinə gətirirəm. Evimizin mebellərini müzakirə etmək hər ikimizə də daha asan gəlirdi və artıq birlikdə daha çox vaxt keçirdiyimiz üçün söhbəti davam etdirən ortaq maraqların inkişafı vacib idi. Yəqin, məhz gələcək mebellərimizlə bağlı bu uzun müzakirələrin nəticəsi kimi, bir may səhəri, ikinci əl ev əşyalarının auksionunda iştirak etmək üçün yolumuz kiçik sahil şəhərciyinə düşdü. Mənə elə gəlirdi ki, yeni evlilər kimi xeyli belə auksionda iştirak edəcəyik və bunun çoxsaylı auksionların ilki olmasından başqa heç bir diqqətəlayiq xüsusiyyəti yox idi. Bəlkə də evə yeni bir divanla qayıdardıq, beləcə, qonaq otağında keçirdiyimiz axşamlarda yatağa gedənədək masa arxasında üzbəüz oturmaq əvəzinə, rahatca yanyana otura bilərdik. Lakin divanı bu auksionda tapmasaq da, problem deyildi. Axı istədiyimiz divanı tapmaq üçün çoxlu vaxtımız vardı.

Buxar qadın

Bunu heç vaxt heç kimə etiraf etməmişəm, amma bir vaxtlar əsl möcüzə nəticəsində ev sahibi olmuşdum. Öpüşləri tanqo qədər ehtiraslı olan Laura yaşadığım binanın birinci mərtəbəsindəki ikinci mənzildə, bina komendantının ofisində katibə işləyirdi. Onunla səmanın buxar və ümidsizliklə dolu olduğu iyul gecəsində tanış olmuşdum. Elə meydandakı skamyada yuxuya getmişdim ki, pıçıltıya oyandım: “Qalmağa yerin yoxdur?” Laura məni bir binanın girişinə tərəf apardı. Şəhərin qədim hissəsi belə dəbdəbəli binalarla dolu idi. Qarqoyl və vampirlərdən ibarət bəzəkli labirintin arasından “1866” yazısı oxunurdu. Mən onu izləyərək əl havasına pillələri qalxdım. Biz irəlilədikcə bina köhnə gəmilər kimi cırıldayırdı. Laura məndən nə gəlirimlə bağlı məlumat, nə də arayış istədi. Lap yerinə düşmüşdü, çünki həbsxanada adama bunların heç birini vermirdilər. Damdakı kiçik otaq elə qaldığım hücrə boydaydı. “Bura mənlikdir” – dedim. Düzü, həbsdə keçən üç ildən sonra iybilmə hissimi itirmişdim, divarların o tayından gələn səslər isə mənim üçün təzə məsələ deyildi.