Meymun

Hekayə, qəhrəman Hal Shelburn və onun ailəsinin uşaqlıq evlərində köhnə əşyaları gözdən keçirməsi ilə başlayır. Halın oğlu zirzəmidə içində qəribə bir oyuncaq meymun olan qutu tapır. Həmin oyuncaqla bağlı dəhşətli xatirələri olan Hal onu çox illər əvvəl quyuya və gölə ataraq canını qurtarmağa çalışmışdı.Oyuncağın lənəti odur ki, meymun əlindəki zilləri bir-birinə vurub səs çıxaran kimi, yaxınlıqdakı kimsə dəhşətli və qeyri-təbii şəkildə həlak olur. Hal oyuncağı məhv etməyin qeyri-mümkün olduğunu və hər dəfə qəribə bir şəkildə evinə geri döndüyünü anlayır.

Əvəz-əvəz

Gənc Cici, dostu Prosperonun qurduğu amansız bir yalanın qurbanı olur: Prospero onu qorxutmaq üçün sevdiyi qızın — yanacaqdoldurma məntəqəsi sahibinin qızı Mirellanın ondan hamilə olduğunu və qəzəbli atasının hər yerdə Cicini axtardığını deyir. Qorxu və təşviş içində olan Cici, yolda həqiqətən də qızın sərt atasını görəndə və ondan "günorta yanacaqdoldurma məntəqəsinə gəl" əmrini eşidəndə tamamilə çıxılmaz vəziyyətdə qalır. Canının qorxusundan çarəni kilsəyə qaçıb keşişə etiraf etməkdə tapan gənc, müqəddəs atadan gözləmədiyi bir nəsihət alır: "Nə olursa-olsun, sən o qızla evlənməlisən!" Keşişin sözündən sonra bütün cəsarətini toplayıb, tir-tir əsərək qızın atasının qarşısına çıxan və evlilik təklif edən Cicini hekayənin sonunda elə bir gözlənilməz və gülməli sürpriz gözləyir ki, həyatın onunla necə "əvəz-əvəz" oynadığını anlayır...

İbn Sina

Qərbdə «Avisenna», Şərqdə isə «İbn Sina» olaraq tanınan Əbu Əli Hüseyn ibn Abdullah orta əsrlər dövrünün ən böyük təbiblərindən biridir. Sağlığında «Hüdcətül-Haqq» (həqiqət carçısı), «Şeyx-ur-Rəis» (müdriklərin başçısı), «Harami buzurq» (dahi təbib), «Şərəf-ül-Mülk» (cahanın ən şərəfli insanı) kimi saysız-hesabsız titullar qazanan İbn Sina tibblə yanaşı, fəlsəfə, riyaziyyat, astronomiya, fizika, kimya, musiqi sahələrində də bilik və bacarıqları ilə məşhurlaşmışdır. Onun bir çox əsərləri müasir dövrdə belə öz dəyərini qoruyub saxlayır və qiymətli elmi mənbə kimi istifadə olunur. Sizə təqdim olunan bu kitabda böyük alimin uğurlarla və məşəqqətlərlə dolu zəngin həyat yolundan ətraflı bəhs edilir. Kitabda İbn Sinanın şəxsiyyəti və yaradıcılığı ilə yanaşı, yaşadığı dövrlə bağlı bir-birindən maraqlı faktlarla tanış olacaqsınız.

Atamın ruhu

“Atamın ruhu” Azərbaycan türk varlığının təməl daşlarından olan ailədən, ata-anaya tapınmaq səviy­yəsində olan ənənəvi bağlılıqdan bəhs edir. Ata hə­yatdan gedir, sanki dünya silkələnir, dağ yerindən oynayır və bir çox məsələlərə baxışlar da dəyişir. Əsərdə müəllif atasının son günlərini psixoloji dəqiqliklə və bütün övladların gözüylə baxaraq qə­ləmə almışdır. Ata ruhu əsərdə həm övladları, nəsli toplayan, bağlayan, ənənəvi mənəvi dəyərlərdən qopmağa qoymayan real bir güc və eyni zamanda insanı insan edən ilahi enerji, dərki çətin olan əbədiyyət havasıdır. Bədən ölür, amma ruh ölmür. Ruhun və Tanrının mövcudluğunun təsdiqinə şübhə yoxdur. Əsərdə bu həqiqət müşahidə və bədii yolla təsdiqini tapır.

Kimyagər

Əsərdə, Şərq fəlsəfi fikrində qırmızı xətlə keçən “vəhdəti-vücud” dünyagörüşünün bədii təcəssümü kimi, insanın təbiətin bir parçası olduğu canlı boyalarla işlənilib. Heç nəyin təsadüf olmaması, hər hadisənin, sözün, uğur və uğursuzluğun bir əlamət olması romanın qayəsini təşkil edir. İnsan bu əlamətləri anlayarsa və öz yolunu davam etdirərsə kainatın ona məqsədinə çatmaqda yardım etməsi əminliyi İslam fəlsəfəsinin “nə baş verirsə, insanın xeyrinədir” tezisi ilə üst-üstə düşür…