Kiminsә çağırdığını eşidәndә mәn Riçorcimento meydanından keçirdim. – Ey, cavan oğlan, işlәr necә gedir? Bu, Stayano idi. Via del Qamberrodakı qara bazarda siqaret satdığımız vaxtlar onunla curluq edirdik. Stayanonun yaxşı geyindiyi gözümә dәrhal sataşdı. Ona bildirәndә ki, bәs hazırda bekar gәzirәm, heç nәylә mәşğul olmuram (mәnim heç bir peşәm yox idi, bu sәbәbdәn özümü işsiz adlandıra bilmәzdim), köhnә dostum qoluma girib dedi ki, mәnimçün gündәlik qazancı min, iki min, bәlkә dә üç min lirә olan rahat iş tapa bilәr. Soruşdum ki, necә? O, çox uzaqdan başladı. Dedi ki, bәs çәtin zamanlar gәlib, indi hәa әlindә peşәsi olan vә öz sәnәtini yaxşı bacaranlar da gündәlik bir parça çörәyini qazana bilmir; söylәdi ki, hazırkı vaxtda guya adamlar iki tәbәqәyә bölünüb: ürәklilәrә vә ürәksizlәrә – cәsarәti olanlar hәmişә uğur qazanır, olmayanlar isә ömürlük әfәl vәziyyәtdә qalırlar.
Rahib və məbəd xidmətçisi
Titos kəndinin məbədində xəsis və tamahkar bir rahib vardı. O, heç vaxt xidmətçisinə şirin şeylərdən dadmağa verməzdi, hamısını özü yeyərdi. Xidmətçinin isə şirin şeylərdən çox xoşu gəlirdi. Bir dəfə rahib üçün ətirli təzə bal gətirdilər. O, balı küpə töküb xəlvət bir yerə qoydu. Xidmətçiyə isə heç dadmağa da vermədi. Elə oldu ki, rahib bütün günü harasa getməli oldu. O, xidmətçiyə dedi: – Bax, ehtiyatlı ol: içində zəhər olan küp buradadır. O, üzdən bala oxşayır, ancaq əslində belə deyil. Dilini bu zəhərə vuran kimi ölərsən. Rahib çıxıb gedəndən sonra xidmətçi küpü götürüb balın hamısını yedi. Küpün içi boşalanda onun ürəyinə qorxu düşdü və fikirləşməyə başladı ki, necə eləsin rahibi aldatsın. Fikirləşdi, fikirləşdi, axırda tapdı. O, rahibin ən çox istədiyi fincanı götürüb sındırdı, sınıqlarını otağın ortasına atdı, özü də yerinə girib yorğanı üstünə çəkdi, rahibin gəlməyini gözləməyə başladı.
Qız məktəbində
— Quzum, yavrum! Adın nədir? — Gülbahar. — Pəki, sənin anan, baban varmı? — Var. — Nasıl, zənginmidir baban? — Əvət, zəngin, bəyzadə... — Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin incilərin, altun bilərziklərin? Söylə, yavrum! Heç sıxılma... — Var əfəndim, var... lakin Müəlliməm hər gün söylər, onların yox qiyməti, Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
Qara pişik
Yazmağa hazırlaşdığım bu dəhşətli əhvalata inanacağınızı düşünmürəm, heç sizi buna inandırmaq iddiasında da deyiləm. Duyğularımın özü-özünü inkar etdiyi bir halda bunu başqalarından gözləməyim dəlilik olardı. Amma mən dəli deyiləm, heç yuxu da görmürəm. Lakin bir sabah öləcəyimi düşünəndə bu gün ruhumu bu ağır yükdən xilas etmək istəyirəm. Məqsədim adi məişət hadisələrini yığcam şəkildə, şərhsiz ortaya qoymaqdır. O hadisələr ki, öz nəticələri ilə məni dəhşətə gətirdi, əzab verdi və məhv etdi. Nə isə...onları izah etməyə çalışmayacağam. Bu hadisələr mənə dəhşətdən başqa bir şey vermədi, halbuki bəlkə başqalarına o qədər dəhşətli görünməyə də bilərdi. Bəlkə kiminsə dərrakəsi mənim təxəyyülümü bayağı bir nağıl hesab edəcək. Bəziləri isə həyəcansız və soyuqqanlı qarşılayacaq. Düşünəcək ki, nəql edəcəyim bu hekayət əslində bir-birlərini təbii şəkildə izləyən hadisələr zəncirindən başqa bir şey deyil.
Oxutmuram əl çəkin!
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Gərçi bu bədbəxt özü elmə həvəskardır, Kəsbi-kamal etməyə səyi dəxi vardır, Məncə bu işlər bütün şiveyi-küffardır, Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!