Hans Xristian Andersen 1805-ci il apelin 2-də Danimarkanın Odens şəhərində danadan olub. Ailənin tək uşağı olan Andersen heç vaxt yaxşı oxuyan, çalışqan şagird olmur, həmişə fikri dağınıq olur və qrammatik səhvlər edə-edə yazırdı, o, heç vaxt yazısını düzəldə bilməyib. Lakin buna baxmayaraq 1822-ci ildə artıq “Palnatokun məzarındakı ruh” adlı ilk hekayəsini nəşr etdirib. Pyeslər, səyahətnamələr, romanlar və şeirlər də yazmasına baxmayaraq, Andersen bütün dünyada daha çox nağıllarına görə tanınır. Onun nağılları 100-dən çox dilə tərcümə edilmişdir. O, dünyanın ən məşhur nağılçılarından biridir.
Beş mehriban dost
Mən sizə beş mehriban dostun nağılını danışım. Keçmiş zamanlarda dörd qardaş, bir də onların ən yaxın dostu və nökəri var idi. Ancaq bu nökər adi nökərlərdən deyildi. Buna yaxşı olardı ki, böyük dost, başçı deyəydin, çünki bu, dörd qardaşın dördündən də qüvvətli və təcrübəli idi. Bu böyük dostun adı Qüvvətlicə idi. O ucaboy deyildi, ancaq ətli-canlı və qüvvətli idi, ona görə də ona Qüvvətlicə ad qoymuşdular. Qardaşların böyüyünün adı Davakar idi, çünki, o həmişə hamıdan qabaq dava-dalaş salardı. İkinci qardaşın adı Hamıdanuca idi. Çünki o, doğrudan da qardaşların hamısından uca idi. Üçüncü qardaşın adı Xəzinədar idi, çünki, qayğıkeş, yığımcıl və ehtiyatlı idi. Dördüncü qardaş da boyca hamısından kiçik olduğu üçün ona Balaca deyirdilər. Bu beş mehriban dost uzun müddət dünyanı gəzib dolaşdı və cürbəcür igidliklər göstərdilər. Bir dəfə də onlar zalım bir padşahın şəhəri olan böyük və varlı bir şəhərə gəlib çıxdılar.
Noxud üstündə yatan şahzadə
Biri var idi, biri yox idi, bir şahzadə oğlan var idi. O, əsl şahzadə qız ilə evlənmək istəyirdi. Şahzadə oğlan özünə adaxlı tapmaq üçün bütün dünyanı gəzib-dolaşdı, çox axtardı, amma istədiyini tapa bilmədi. Şahzadə qız çox idi, amma oğlan onların doğrudan da əsl şahzadə qız olub-olmadığını heç cür öyrənə bilmirdi. Hərəsində bir nöqsan tapırdı. Şahzadə oğlan kor-peşman halda evə qayıtdı və qəm dəryasına batdı. Bir dəfə axşama yaxın hava dəyişdi: göy guruldadı, ildırım çaxdı, bərk yağış yağmağa başladı. Birdən kimsə sarayın darvazasını döydü. Qoca kral qapını açmağa getdi.
Sözə qulaq asmayan keçi balası
Baharda keçi ilə çəpiş otlaqda otlayırdı. Onlar hər yerə ikisi birlikdə gedir, qoca keçi çalışırdı ki, çəpiş üçün elə yerlər axtarıb tapsın ki, orada zərif, dadlı tər otlar olsun. Onlar otlaqdakı bütün otları qırpıb yeyəndən sonra qoca keçi çəpişə dedi: – Sən dayan burada, mən gedib yaxşı bir otlaq yeri tapım. Bu zınqırovu da sənə verirəm, başına bir qəza gəlsə o saat onu çal. Keçi bu sözləri deyib üstü naxışlı girdə mis zınqırovu çəpişin boynundan asdı, özü də onunla salamatlaşıb getdi.
Sabah və bu gün
Bir dəfə yağışlı bir gündə Kra adlı meymunla Raonq adlı qurbağa ağac altında oturub soyuqdan bir-birlərinə şikayət edirdilər. – Krrx, krrx! – deyə Kra öskürdü. – Qur, qur, qur! – Raonq quruldadı. Yağışda islanmaqdan lap təngə gəlmişdilər, soyuqdan da tirtir əsirdilər. Onlar öz aralarında söz verdilər ki, sabah ağac doğrasınlar, qabığından da özlərinə koma düzəltsinlər. Səhərisi elə bir gün çıxdı ki, istisi lap dağı-daşı yandırırdı. Özü də hava elə qəşəng idi ki, Kra ağacın başında oturub işıqdan və istidən həzz alırdı, Raonq isə ağacın kökünə yaxın yerdə əyləşib özünü günə verirdi.