Danışan onların ruhları idi

Damət Salmanoğlunun hekayələri özündə dövrün havasını hiss etdirən mətnlərdir. Bu hekayələrdə hissi baxımdan konsentrasiya son dərəcə güclüdür. Hadisələrin dinamizmi bu hekayələri birnəfəsə oxumağa sövq edir.

Körpə və kürən pişik balası

Gözəl günlər idi. Həmişəki südlü sıyıqla qarnını doyurandan sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası özü yedirirdi. O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə udub növbəti qaşıq üçün ağzını açanadək anası səbirlə gözləyirdi.

Qəribə və maraqlı günlər(Müharibə rapsodiyası)

Belə bir gün idi, – atam bu əhvalatı danışanda, bunu xüsusi olaraq vurğulayır və əlavə edirdi – qeybətdən, deyinməkdən, bir-birinin arxasınca asıb kəsməkdən yorulan kənd camaatı çayxanalara çəkilib domino “çırpanda” kəndə qalxan yolla hərbi maşın sürətlə yaxınlaşırdı. Hərbi komissarlığın nümayəndəsi, deyəsən, xidmətdən yeni qayıtmış əsgərlərə çağırış vərəqələri gətirirdi. Ürəyində müharibəni lənətləsə də, gətirdiyi vərəqələri paylamalı, orduya çağırılan gənclərin sabah Hərbi Komissarlıqda toplanmalarını təşkil etməli idi.

Rəqiblər

Payız günəşi göyün üzündən elə minnətlə baxır ki, elə bil onu kimsə gülümsəməyə məcbur edib. Sonra da naz-qəmzə ilə buludların arxasında gizlənir. Dolu buludlar ipdən asılmış yaş köynək kimi ağır-ağır yellənir. Uçuşan yarpaqların ardınca baxan Çinar və Qovaq ağacları müdrik və səbrli görünsələr də varidatı əlindən alınmış adam kimi məyus ovqatlarını da gizlədə bilmirlər. Kiçik ağaclar və kollar isə oyuncağını itirmiş uşaqtək vurnuxurlar. Bu mənzərəni doyunca izləmkdən zövq alan Lalə müəllimənin qəlbində əsintiyə çevrilən qəribə bir nigaranlıq baş qaldırır. Elə bil bu payızın havası da, rəngləri də əvvəlkilərdən fərqlidir. Sanki 2020-nin payızı nə isə yeni sürprizlər vəd edir.

Ağadadaşın kişi sözü

...Sonra kəndə xəbər yayıldı ki, papaqçı Ağadadaşın oğlu Gülbala da əsgər getdi və Gülbala bu kənddən cəbhəyə gedən yeddinci cavan idi. Hələ ki bu cavanlar pis gözdən iraqıydı, hələ ki salamatçılığıydı, təkcə çörəkçi Firuzənin nəvəsi Atif qarnından qəlpə yarası almışdı, Bakıda hospitala gətirmişdilər, deyilənə görə, vəziyyəti ağır idi və bütün kənd camaatının da duası onunlaydı ki, təki uşağa bir şey olmasın. Çörəkçi Firuzə hər gün sübh tezdən avtobusa minib hospitala gedirdi, axşam da avtobusla kəndə qayıdırdı və təndir çörəyi bişirməyə vaxtı olmadığı üçün kənd camaatı məcbur olurdu ki, çörəyi Cəfərin marketindən alsın. Çörəyə, əlbəttə, pis demək olmaz, çörək çörəkdi, ancaq bir iş vardı ki, Firuzə arvadın təndirə yapıb bişirdiyi çörəyin dadı ayrı idi.