Xəstəlik onu birdən-birə, payızın sonlarına doğru yaxaladı. Bir səhər yuxudan oyanıb yatağından qalxmaq istəyəndə huşunu itirərək üzüqoylu düşdü və özünə gələndə xeyli nə baş verdiyini anlamadı. O vaxtdan bu yana yataqda keçirdiyi günlərdə yaşadığı ömrün pərakəndə lövhələri sanki hər şey dünən olubmuş kimi, yaddaşında çevrildikcə zehni ayazıyırdı... Abalakovo ulusundan Sayan rayonunun mərkəzi Aqinskə qədər iyirmi beş kilometrlik yolu həftə aşırı gedib-gəlmək o qədər də asan deyildi. Minik olmadığından səhərin gözü açılmamış qalxıb yola çıxır, öylədən bir az keçmiş rayon mərkəzinə yetişincə poçtda işləyən bacılığını arayıb tapır, gecəni onlarda keçirir, o biri gün bazarlıq edib geri dönürdü. Çoxlarına yorucu görünsə də, meşələrin, göllərin səssizliyinə bürünmüş bu yol onu özündən alıb aparır, mənzil başına çatana qədər zamanın necə axıb keçdiyini duymurdu. İndiyədək bircə dəfə də olsun hər daşını, kəsəyini tanıdığı yolun uzunluğunu sezməmişdi. Sanki ömrü bu yollara dağılmışdı, keçib getdikcə yaşanmış illərin qırışığı açılır, tökdüklərini yığırdı.
Günəş, buludlar və Ağca
O, bəmbəyaz idi... Günəşə doğru uçanda göy üzündə bir topa ağ buluda bənzəyirdi. Dostu ona Ağca deyirdi. O da dostunun dilindən adını eşidən kimi uçub gəlir, ağ lələkli çəhrayı ayaqlarını götürüb qoya-qoya onun ovcunda dənlənirdi.... Günlərin bir günü eşitdiyi sözlərdən həyəcanlandı: Ağca, mən gedirəm... Boynunun tərpənişi ilə astaca soruşdu: "Hara?". Cəbhəyə, Ağca. Vətəni qorumağa... Hər kəsin bir Vətən adlı sevimlisi var. Hər kəs də ona olan borcunu verməlidir... Ağca yaxşı anlayırdı Vətən nə deməkdir. Hər dəfə yovşanlı çöllərinin ətrini sinəsinə çəkəndə sevinirdi. Hər dəfə yağışında yuyunub, Günəşində lələklərini qurudanda Vətən hərarətini duyurdu... Ağca dimdiyini dostunun sevimli üzündə gəzdirdi. Onunla fəxr etdi, qürur duydu. Göyərçinlərin ağlaması bilinməz ki... Amma Ağca kövrəldi. Sonra ayrıldılar. Ağca əsgər paltarı geyinmiş dostunun ardınca bir xeyli uçdu. Yorulanadək... Sonra uca bir ağaca qonub o, gözdən itənədək baxdı... Onun əvəzinə sevindi...
Steyli Fleminqin qarabasması
Danışan iki kişidən biri həkim idi. -Həkim sizi mən çağırmışam – digər kişi dedi, – amma mənə kömək edə bilməyəcəyinizi düşünürəm. Ola bilsin ki, psixopatiya üzrə mütəxəssis tövsiyə edə bilərsiniz. Mənə elə gəlir ki, dəli olmuşam. -Yaxşı görünürsüz – həkim dedi. -Buna siz qərar verəcəksiniz; qarabasmalar görürəm. Hər gecə oyanıram və otağımda məni diqqətlə izləyən ağ qabaq ayağı olan böyük qara Nyufaundlend iti görürəm. -Oyandığınızı deyirsiniz buna əminsiniz? Qarabasmalar bəzən yalnız yuxulardan ibarətdir. -Oh, mən oyanıram, əmin ola bilərsiniz. Bəzən uzun müddət hərəkət etmədən durub itə onun mənə baxdığı kimi ciddi şəkildə baxıram, həmişə işığı yanılı qoyuram. Daha dözə bilməyib çarpayıdan qalxıram və budur orada heç nə yoxdur. -Maraqlıdır. Heyvanın üz ifadəsi necə olur? -Mənə pis görünür. Əlbəttə, bilirəm ki, sənət əsərlərindən başqa, sakit vəziyyətdə olan heyvanın siması həmişə eyni ifadəyə malikdir. Ancaq bu əsl heyvan deyil. Bilirsiniz ki, Nyufaundlend itləri olduqca sakit görünür, görəsən onun nə problemi var?
Dünya qibləsini itirmişdi
Dünyanın düz vaxtları idi. Qurbağa gölünə hələ daş atmamışdılar. Hələ iki qonşu xalq arasında savaş başlamamışdı. Hələ arvadı erməni olan türk kişiləri təlaş keçirmirdilər. Hələ mən doğulmamışdım. Anam hələ məktəb oxuyurdu, atam hələ subay idi. Babam xərçəngdən ölməmiş, nənəm hələ dul qalmamışdı. Kəndimizdəki qoca palıd hələ utandığından ölüb yerə girməmişdi. Hələ kənd məzarlığında boş yerlər çox idi. Mollaların sayı artmamışdı. Kəndimizin erməni məzarlığı olan tərəfində hələ torpaq sürüşməmişdi. Əmimgilin biçənəyi hələ daşla dolmamışdı. Levon hələ qardaşı Aşotu öldürməmişdi. Hələ bulaqlar qurumamışdı. Kəndimiz hələ quraqlığın ən zalımını görməmişdi. Hələ ki dünyanın düz vaxtları idi.
Bahalı şokolad qutusu
Hə, əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə əhvalatı danışacağam. Bu bayram münasibətilə şirniyyat fabrikində doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biri idi. Balaca, qəşəng bir qızın ad gününə alıb gətirmişdilər... Qonaqlar hələ dağılışmamışdı. Ad günü keçirilən balaca, qəşəng qız gözdən oğurlanıb hədiyyələr olan otağa keçdi. Cürbəcür şokolad, konfet qutularının arasında bahalı şokolad qutusu nəzərini daha artıq cəlb etdi. Tez qapağını açdı. İçindəki şokoladlardan birini götürüb yedi. Çox dadlı, ləzzətli idi... Qız elə bildi ki, şokolad qutusunu görən kimi ata-anasının da ağzının suyu axacaq. Amma valideynləri qızın hərəkətini bəyənmədilər. Onlar tamam başqa fikirdəydilər. Anası bahalı şokolad qutusunu tərifləyə-tərifləyə dedi: - Bir məclisin yaraşığıdı. Dost-tanışa pay apararıq, üzümüzü ağardar...