Gülzar

Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi… Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi. Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi. Yalnız o, yalnız o, bunları görmür, eşitmir, qadınların böyük bir gurultu qopartdığı darısqal və yarıqaranlıq daxmanın bir bucağına sıxılmış, bütün bu sevinclərə darılır, bu şənliklərdən sıxılır və eşitdiyi bütün bu gülüşlərdə, bu gurultularda müdhiş bir fəlakət bayquşunun qorxunc sədasını hiss edirdi.

Dilbər

Hər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar-başlamaz: "Müəllimə mən deyim, mən deyim", - deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi. - Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki? Dilbər, yuxuda imiş kimi diksindi, başını qaldırdı, ancaq danışmadı, susdu qaldı. Müəllimə onu irəli çağırdı... Hər gün, sözləri qrammofon kimi bir-birinin ardına düzən Dilbər, bu gün qırıq maşın kimi baş-ayaq vururdu. Onun fikri nə isə uzaq bir yerdə, tam başqa bir şeylə məşğul idi. Dərsdən sonra müəllimə Dilbəri müəllimlər otağına çağırdı. - Dilbər, sənə nə olmuşdur? - deyə soruşdu.

Qırmızı limuzin

O, qəfilcən dayandı. Ətrafa boylandı. Buralar ona həm tanış gəlirdi, həm də bu dar küçəni sanki ilk dəfə görürdü. Bir ya ikimərtəbəli evlər, səliqəsiz həyətlərin qarışıq qoxuları, sal divara dirənən kor dalan. O, ya sanki çox uzaqlarda qalmış xəyal kimi, ilğım kimi, süzülüb nazilmiş xatirələr kimi, bulanıq yuxu kimi qeyri-müəyyən bir aləmi andırırdı. Uşaqlığının anımlarıydımı bu? Yox, uşaqlığı bu məhəllədə keçməmişdi. Bəlkə haçansa, çox illər qabaq buralara kimsə qonaq gəlibmiş, bəlkə bu evlərin birində qohumları, ya dostları, tanışları yaşayırmış. Yadına sala bilmirdi.İşlədiyi idarənini yolu bu küçələrdən keçmirdi. Şəhəri sərgərdan dolaşıb dəxli olmayan məhəllələrdə azmaq şakəri də yoxdu. Bəs nədən bütün yan-yörə ona bu qədər məhrəm gəlirdi, sanki haçansa bu həndəvəri qarış-qarış, addım-addım hadırlamışdı. Bir də içindəki bu təşviş, qəribə nigarançılıq, narahatlıq hissi - məşum bir duyğu - hardandı? Sanki nədənsə eymənirdi. Nədən? İçində elə bir hiss vardı ki, sanki ömrü boyu yaşadığı şəhərin tanış gəlməyən bir məhəlləsinə deyil, özgə, yad bir şəhərin ona tanış görünən küçələrinə düşmüşdü.

Mən, sən və o

Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: paoportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri. Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm. İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir.

Asqılıqda işləyən qadın

Bizim idarədə, ağrın alım, beş yüzə qədər işçi var. Hərənin də bir cür, bir fason paltosu var. Mod deyirsiniz, nə deyirsiniz. Amma, allaha and olsun, hamısını bircə-bircə tanıyıram. Nömrə-zad olmasa da, heç vədə birinin paltosunu başqasınınkiynən dəyişik salmaram. Da, ay bala, yeddi ildi burda işləyirəm, elə olacaq dana. Hələ, desəm bəlkə inanmayasan, hansı paltonu harda asmağı da bilirəm. Görürsən, məsəlçün kim ki, kimnən bir səmtdə olur, onlar elə işə də bir gəlib gedirlər. Odu ki, onların elə paltolarını da yan-yana asıram. Hə, sözüm onda deyil… Bu əhvalat ki, danışıram, yəni əhvalat deyəndə, bir əhvalat da yoxdu.