“Bir qadının həyatından 24 saat” novellasının baş qəhrəmanı qırx iki yaşlı bir qadındır. Həyatda onun başına gələn ən böyük macəra cəmi bir gün çəkib. Lakin iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, bu hadisəni heç kimə danışa bilmir. Utanan, vicdan əzabı çəkən qadın, nəhayət, bir gün iztirablarını dilə gətirir.
İt ürəyi
«İt ürəyi» povesti, əslində, bir çevrilmənin tarixidir və fabulası müəyyən qədər H.Uellsin «Doktor Moronun adası» romanından götürülüb və süjetin əsasında heyvanların insanlaşdırılması ideyası durur. Xüsusən, 1920-ci illərdə SSRİ-də və bir sıra Avropa ölkələrində populyar olan cavanlaşdırma ideyası da yer tutur. Povestdə hadisələr 1924-cü ilin dekabrında Moskvada, yeni iqtisadi siyasətin çiçəkləndiyi dövrdə baş verir. Xeyirxah professor Filipp Filippoviç Preobrajenski «Şarik» adlı bir iti evə gətirir. Professorun elmi maraqları yevgenikaya – insan təbiətinin yaxşılaşdırılması sahəsinə aiddir. O, sovet məmurlarını cavanlaşdırmaq üçün eksperimentlər aparıb pul qazanır. Öz sahibinin bütün işlərini dərindən mənimsəyən Şarik tədricən özü eksperimentlərin obyekti olur. «İt ürəyi» povestini rus cəmiyyətinin inqilabi transformasiyasına alleqoriya kimi, təbiət işlərinə müdaxilənin təhlükəli fəsadları haqqında xəbərdarlıq kimi də səciyyələndirmək olar.
Qorxu
Görkəmli alman yazıçısı Ştefan Svayqın əsərlərini oxuculara sevdirən müəllifin insan təbiətinə dərindən bələdliyi və onu böyük ustalıqla təsvir etmək bacarığıdır. Bu onun Qorxu əsərində xüsusilə aydın sezilir. Hər şey hüzurlu, firavan həyat sürən frau İrenenin 8 illik evliliyindən və burjua dünyasının yeknəsəqliyindən sıxılaraq gənc pianoçu oğlanla eşq macərasına atılmasından başlayır. Lakin bu gizli münasibətdən xəbər tutan və özünü oğlanın sevgilisi kimi təqdim edən bir qadın onu şantaj etməyə başlayınca hadisələrin gedişatı tamamilə dəyişir.
Şahmat novellası
Ştefan Svayqın ən məşhur novellası “Şahmat” insan şüurunun siyasi təzyiq ucbatından necə haçalandığını, ikiləşməyə məruz qaldığını açıq-aşkar göstərən və insanı dərindən sarsıdan bənzərsiz əsərdir. Usta yazıçı bu kiçikhəcmli əsərdə XX əsr Avropa mədəniyyətinin süquta uğradığını – Hitleri simvolizə edən Çentoviç kimi küt, lovğa bir adamın şahmat üzrə dünya çempionu olması – və ümumilikdə həmin dövrdə dünyada hökm sürən müharibə və zorakılıq ab-havasını – Doktor B.-nin amansız şəkildə təcrid edilərək dəliyə çevrilməsi – mahiranə şəkildə əks etdirir. Dünya ədəbiyyatının, bəlkə də, ən vahiməli və başgicəlləndirici səhnələrindən biri Doktor B.-nin, şahmatla zəhərlənmiş dünyasında keçirdiyi hisslərdir. Burada oxucu, insanın təcridedilmə nəticəsində hansı iztirablar yaşadığını, “heçliyə” düşdüyünü, faşizmin nəinki insanları kütləvi şəkildə qırdığını, bundan da betəri, insanı mənəvi cəhətdən işgəncəyə məruz qoyduğunu beyninin bütün hüceyrələrinə qədər hiss edir.
Ağa Məhəmməd Şah Qacar - II HİSSƏ
Ömrünün 17 ilini əsir olaraq keçirən, lakin hətta xacə edilsə belə, ruhdan düşməyən, mütaliə və müşahidə qabiliyyəti sayəsində özünü güclü lider kimi formalaşdıran bir şəxsiyyət. Uzun və gərgin mübarizədən sonra yeni bir dövlətin əsasını qoyan, bununla da böyük bir coğrafiyada xalqların taleyini, tarixin gedişatını dəyişən ziddiyyətlərlə dolu hökmdar. Söhbət Qacar dövlətinin qurucusu və ilk başçısı Ağa Məhəmməd şah Qacardan gedir. Tanınmış tarixçi Əkbər Nəcəfin (1975) qələmə aldığı bu kitabda siz Ağa Məhəmməd şahın həyat yolu barədə yeni və maraqlı faktlarla tanış olacaq, onun şəxsiyyəti barədə diqqətçəkən mülahizələr oxuyacaqsınız.